Gələcəkdə bir şeylərin olacağına ümidlə indinin təkliyində əziciliyinə üzünü dönərək həyatın axışına qarışma yeyinliyində nəfəs almaq. Bəzən quşlar və ağaclar, bəzən payız və solğun küçələr, bəzən çağrılma ümidində tumurcuq həyəcan və bu bəzənlərin sonunda heç bir şeyin və yerin səni xilas etməyəcəyinə ardıcıl çəkilən bir neçə siqaretin içini yandırmasıyla oflanmaq, yenə də bir “və” ilə ümidə ümidlə özünü öldürməyib öləcəyin anacan sıfırın birə çevrilmə, artma aldatmaları. Nə vaxt, niyə unutduğunu bilmədiyin söhbət dolduran xatirələrdə toyuq eşələnməyiylə səfil axtarış. “İndi burdayamsa”nın içində qıvrım saçlı qızdan qarşı qoyulmaz istəyə, sonra bağlılığa, yandırdığı rəsimlərə, payızın ətəkli getməyinə, qış qabağı olduğun yerin küçələrinə oxşayaraq artıq öldüyünə əllərini ağzında qovuşdurub nəfəsinlə isidib inanmağa başlayırsan. Ağlaya bilməyəcək qədər mənasızlıq burluğanı. Nəsə içində tərpəşir qocalaraq, təngiyir, yorulur, oturma yerlərin çəkiciliyinə gecikməklə bəhanə cavabı, boşluq, onun içində də boşluq, boşluq və həyatın, zamanın harasından tutma düşüncələri, başını qatmaqla başını qatırsan, yeriyərək yollara vaxt ayırırsan, kölgəsində oturaraq ağacları yaşadırsan, başındakını tapmaq üçün baxdığın qadınların gözəlliyinə səs verirsən, yarpaqları mövsüm, səni yarpaqlar saraldır. Həyat fəlsəfəndə çatlar açan pessimistlik dalğalarına gecə yarıları evdən qaçaraq dözmə alışqançılığı, tərpəşən ağızların minlərlə mənasız səbəbləri, çürümüş zərurətlərin gəvəzəliyi, vaxtın, ağırlığı torpağı batıran yüklə keçməsi, cızılmış gənclik istinad lövhələrində saralmış keçmişə səyahət biletləri, arxaya dönüb baxmayan tipdə sayıqlamalı adamlar gecənin yuxusuzluğunda, boşluq içində, içində yarımçıq bir yaşanmışlıq, ən dadlı yerində söndürülmüş ekran, görünməzlik içində çınqıllı yollar, ölüm sıxıntısı atan döngələrə baxmama özünə söz vermələri, gülməli “sabah” və “yaşayıram” sözləri, səhifələrcə yada salma, bir cümlə belə tapa bilməmə, toxunuş yerlərinin hüceyrələrində nikotinsizlik, susuzluq, bəlğəmlənmə düşünmə tamında, rəngləri yadsıma inadı dalma nöqtəsinin halqavi ətrafında, təbəssüm yanından keçənlərə, üz əzələ cizgiləriylə ani məktublar göz-gözə gəldiklərinə, amma baxışmağa davam gətirə bilmədiyin yeriyənlərə. Sözə çevrilə bilməyənlər əriyən an`a, qüllaba`a, keyləşməyə, alkola parçalanma, sonbaharda zonquldayan baş, soluxan bədənlə yatağa uzanıb, əl-qoluna, ayaqlarına qısılmaq yumuqlaşaraq, bədənini sıxaraq incidici hər nöqtəni təyin etmə, ovuşdurma ehtiyacı, yada bir öpüş sadəcə təssüf yaşamayan birindən, çürüyən, iylənən, torpağa çevrilən, mikroblaşan dodaqlardan, ufff.... əllərin gicgahlarınmı, başınımı, başındakınımı, sırf bədənindi deyəmi sıxır arasındakını. Gülməlidi getməyə səylənmək, gülməli, özündən keçərək yatağın yanına uzanmaq əzablardan qıvrılaraq, öskürə-öskürə qaytarmağa yaxınlaşıb, əli boşda qalmaq, biri dayandırsın həyatı, stoplanıb qamaq, daha da mümkünsə, mikrosaniyəcə o tərəfə dəyib qayıtmaq, huuffff.... insan olmaq, sevgi atomları yetişdirən beyni olmaq, ağac ola bilməmək, saxlamaq üçün yarpaqları qabarlaşan gövdəyə çevrilmək, filizlənmək qocalmaq terminindən kəndsoyluca xəbərsiz, öləcəyini unutmaq parıldayan gözlər qarşısında, toxunan bədənlərin xoşbəxtlik çıxmazından.
Geriyə dönmə ümididi xoşbəxt ola bilməyənlərin anları, zivələrdə paltarlar, pəncərələrdə buğlar, ağacda sarı yarpaqlar yıxar onları, dayana bilməzlər təkliyin ağaclığına, xəzanın əzabdan qıvrılmağına, saniyədən aşağı düşən döyüntüləri var onların, amma bədənlərinə uyqun birilərinin olduğuna elə inanmaqdadırlar ki... məni ağladacaq qədərdi faciəlidi sevgi toxunuşuna cavab vermə tesadüfləri qarşısında tənhalıq zərurəti