Sən, bəşər övladını möcüzəli qələminin qüdrətindən yaratdın. Bizə həyat verdin, su verdin. Hə... bir də nəfəs. Bizi digər yaratdığın müxtəlif canlılardan fərqləndirmək üçün nur da verdin bizə. Bunun üçün təsadüfi deyil ki, deyirlər insan Tanrının ən sevimli yaratdığı, xəlq etdiyidir və Allah öz məğrur görkəminin müəyyən cizgilərini insanın simasında ehtiva edib.
Bu sehirli dünyanın acı həqiqətlərini, şirin yalanlarını dərk etmək üçün bizə fikri, şüuru, dili də əsirgəmədin. Amma nə edək ki, düzlə bərabər yalanı da biz söyləyirik, xeyirlə bahəm şəri də biz uydururuq. Hamımız sənin ucsuz-bucaqsız kainatı kölgədə qoyan nəhəng qanadın altında yuva salmışıq. Bizi yaratdın ki, biz də bu bəzən şıltaq, dəlisov, bəzən də sakit, səssiz, səmirsiz, füsünkar təbiətin möhür yaddaşına rəngarəng boyalarla həkk olunaq və belə bədii çalarları həyatımızın, alın yazımızın ssenarisinə də daxil etdin. Kimini bəy, kimini qul, kimini hakim, kimini məhkum hər kəsi müxtəlif təbəqədə yaratdın. Acı da sən yaratdın, toxu da sevgini də san yaratdın, nifrəti də, ayaqlayanı da sən yaratdın, tapdalananı da, görəni də, koru da, danışanı da, lalı da, hamısın...hamısın sən yaratdın. Dərdi də sən verdin, dərmanı da.
Gözə görünən və görünməyən maddi və mənəvi aləmin hamısı sənin sevimli əməlinin bəhrəsi, möcüzəli işinin nəticəsidir.
Bəzən kimlərsə, sənin varlığını unudaraq şeytan hiylələrinin qurbanı olurlar. Bəlkə kimlərsə, sənin qəzəbinə düçar olmayacağına inanıb, həyat amalını istədiyi süjet üstündə, kompozisiya fonunda qurur, amma bu kor-koranə istək çox sürməyəcək. Çünki sən, həm yaradan, həm yaşadan, həm də əbədi dünyaya uyuşduransan.
Belə bir deyim də mövcuddur ki, deyirlər; “şairlər Tanrıya bir köynək yaxın kəslərdir” Ən sevimli bəndələrindən biri də sonda sənə üz tutaraq.
Tanrım, yalvarıram əgər ki varsan,
Bütün cəmiyyətə sən ixtiyarsan,
Qanmaz da, nadan da, sənə əl açır,
İblis də, şeytan da, sənə əl açır,
Xəstə də, loğman da, sənə əl açır,
Qaçan da, qovan da, sənə əl açır,
Dəlini, sarsağı, sən yaratmısan
Livəni, yaltağı, sən yaratmısan
Ciddi nəzarət et aşıb həddini,
Qoy kimsə keçməsin öz sərhəddini,
Sənə yalvarıram, ey Allah təala,
Bütün cəmiyyəti qaytar düz yola.
]